Şəkərbura Resepti
Salam dəyərli dostlar. Bu məqalə şəkərbura resepti və hazırlanma qaydası haqqındadır. Əgər siz naxışları itməyən, yup yumşaq və dadlı şəkərbura hazırlamaq istəyirsinizsə, resepti sizə təqdim edirəm. Bütün şirniyyat reseptlərinə burdan baxa bilərsiniz.
Şəkərburanın hazırlanması 3 hissədən ibarətdir. Aşağıda hər bir hissəni ayrılıqda, şəkillərlə görə bilərsiniz.
- Şəkərbura xəmirinin hazırlanması
- Şəkərbura içliyinin hazırlanması
- Şəkərbura naxışının vurulması
Şəkərbura xəmirinin hazırlanması
Şəkərbura xəmiri hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır.
1. Un – 1 kq + 1 xörək qaşığı
2. Kərə yağı – 400 qram
3. Yumurta sarısı – 6 ədəd
4. Xama – 250 qram
5. Vanil – 1 paket
6. Maya – 1/2 çay qaşığı
7. Duz – 1/4 çay qaşığı
8. Şəkər tozu – 1 xörək qaşığı
9. İlıq süd – 100 ml
Xəmiri hazırlamaq üçün ilk öncə 1 kq unu qaba tökürük. Sonra doğranmış 400 qram yağı unun üstünə əlavə edib əlimizlə ova ova umac edirik.
Sonra ayrı qabda 50 ml ilıq süd, 1 xörək şəkər tozu və yarım çay qaşığı mayanı yaxşıca qarışdırırıb 2 dəqiqə gözləyirik.
Bundan sonra, ayrı qabda 250 qram xama ilə 6 ədəd yumurta sarısını 1 paket vanil və 1 çimdik duz əlavə edərək yaxşıca qarışdırırıq.
Daha sonra bu qarışıqları umaca əlavə edib tam bərkiyənə kimi əlimizlə yoğururuq.
Xəmir hazır olandan sonra, bərk olduğu üçün qalan 50 ml südü əlavə edərək yenidən yoğururuq.
Üzərini streçlə örtüb acımasını gözləyirik. Və 30 dəqiqə sonra şəkərbura xəmiri hazırdır.
Şəkərbura içliyinin hazırlanması
Şəkərbura içliyi üçün lazım olan ərzaqlar.
1. Fındıq ləpəsi – 400 qram
2. Şəkər tozu – 400 qram
3. Hil – 1 çay qaşığı
Şəkərbura içliyi hazırlmaq üçün çox vaxt tələb olunmur. Birinci 400 qram şəkər tozunu əvvəlcədən çəkilmiş fındıq ləpəsinin üzərinə əlavə edib qarışdırırıq. Daha sonra isə 1 çay qaşığı hili də əlavə edib yenidən yaxşıca qarışdırırıq. Şəkərbura içliyi artıq hazırdır.
Şəkərbura naxışının vurulması
Açımış xəmiri 40 kiçik kündələrə bölürük.
Kündələrin qurumaması üçün üzərini salafanla örtürük.
Sonra kündələri bir bir götürüb oxlovla dairə formasında yayırıq.
Hazır kündənin içinə 1 xörək qaşığı içlik qoyub qiraqlarını bərkidirik.
Və vintvari şəkildə bükürük.
Daha sonra maqqaşla istədiyiniz cür bəzəyə bilərsiniz.
Hazır şəkərburaları falqa sərilmiş soba qabına düzürük.
Sobaya qoymazdan əvvəl şəkərburaları steril iynə ilə bir neçə yerdən deşirik.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobaya qoyub, 20-25 dəqiqə üzəri qızarmamaq şərti ilə bişiririk.
Şəkərbura Resepti – Youtube Video
Aşağıda, şəkərbura resepti daxil, şəkərbura xəmirinin, içliyinin hazırlanması və bəzədilməsi videosunu izləyə bilərsiniz. Youtube kanalına burdan abunə ola bilərsiniz.